Nəsiminin yaradıcılığı. . .

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.



PDF faylını yükləməklə Nəsimi əsərləri ilə tanış ola bilərsiniz.

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam...

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam.

Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunü və əbsəm ol, şərhü bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.

Surətə baxu mə'nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.

Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilini və əbsəm ol mən bu lisanə sığmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.